SAKRALLIQ VƏ ALDANIŞLARIN VƏHDƏTİNDƏ - "DƏCCAL"
Orxan Fikrətoğlu ədəbiyyata 80-ci illərdə gəlsə də, yaradıcı potensialı, yeni üslubi imkanları müstəqillik illərində meydana çıxmış qələm sahibidir. Xüsusilə, son bir neçə ilin ən gözəl hekayələri, kinopovestləri həm də onun qələmində sərgilənir. Oxunmalı, layiqli mətnlərin az halda ərsəyə gəlməsi şikayətini səsləndirməyi sevən bizlər üçün bu mətnlər təsvir predmeti, ideya ifadəsi və düşüncə zəmini olmaqla nəsrin ölçülərinə uyğunluğu ilə meydandadır. Hələ ayrıca kitab kimi çap olunan "Vaxt" və "Kinopovestlər"dəki əksər mətnlər Orxan Fikrətoğlu nəsrinin ədəbi-estetik hüdudlarını çevrəyən, ifadə edən proza nümunəsi kimi bitkindir, cəmiyyət gerçəklərinin təsviri, fikir konkretliyi və çağın qabarıq ideyaları üzərindədir. Bu sıradan müəllifin tək bir hekayəsini təhlilə çəkmək maraqlı olar düşünürəm. Orxan Fikrətoğlu dəst-xəttinin bir hekayədə əyaniləşmə gücünü ortaya qoyan "Dəccal" hekayəsinin, məsələn. "Dəccal"ın fabulasında Gəncəli Molla Qafarın ömür hekayəti durur. Allah xofu ilə yaşayan, həyatın mənasını onu zikr, təvəkkül etməklə keçirən Molla Qafar qəfil keçmişi ilə üz-üzə dayanmalı olur. Nə zamansa başqa şəhərə - Armavirə bir neçə günlük alverə gedən Molla Qafarın münasibətdə olduğu fahişə bir qadından doğulan oğlu Sarışın illər sonra qayıdıb onu tapır, həyatının sonrakı davamına daxil olur. Süjet bu olay üstündə qurulur. İlk baxışda hekayə süjet xətti adi və banal təsiri bağışlaya bilər. Hər gün televiziyadan evlərimizə hücum çəkən verilişlərdəki psevdodramalar, gözlərimizi yağır edən təsirli qovuşma səhnəsi canlanar təsəvvürünüzdə. Amma bu qata vurğunu başlıca bədii təcəssüm predmeti eləmək bulvar ədəbiyyatının işi, Orxan Fikrətoğlu prozasının maraq sferasına isə kənar bir hal. Hekayənin mahiyyəti, məğzi daha dərinlərə gedib çıxır, ciddi ədəbiyyat hüdudlarında aktuallıq kəsb edir. Orxan Fikrətoğlu qələmi üçün kameralılığa müraciət güclüdür, ədibin 2016-cı ildə çıxan kinopovestlərində olduğu kimi. "Dəccal" da bizim nəsrimiz üçün o qədər yayğın, işlək, tipik olmayan kamera hekayəsidir. Nəql olunan vaqeələr ekran əsəri kimi göz önündə canlanır. Amma burada bir fərq var. Adətən, bu təhkiyə texnikası ilə daha asan bədii vasitəyə əl atırlar, əlavə təfərrüatlara lüzum qalmır, obrazlar, onların portreti, xarakteri, əhval-ruhiyyəsi geniş bədii təcəssümün predmeti olmur. Orxan Fikrətoğlu isə bu fənddən istifadə etmir, hekayənin təsviri bütün komponentlərində, ədəbi-bədii funksiyasında səciyyəsini tapır. Hələ üstəlik klassik Şərq hekayəçiliyinin izlərini də görmək çətin olmur oxucuya: "Molla Qafarın yaşı əllini ötsə də, hələ əlli-ayaqlıydı. Sağ qalana dərs, ölənə yas tuta bilirdi. Qafarın Gəncə mollalarından fərqi ondaydı ki, Allahı özü tanımışdı. Adətən adama Allahı kim isə tanıtdıranda o qədər də yaxşı tanımır. Molla Qafarın atası Allahı tanımayan taksi sürücüsüydü. Həftənin beş gününü arağa, iki gününü dövlət istiqrazına qurban vermişdi. Beləcə Qafarın yeddi yaşı olana qədər kişi "taksiyə" əziyyət verə-verə yaşadı. Sonra da, günlərin bir günü Əzrayılın "taksisinə" oturub Allahı tanımadan o taya sürdürdü. Qafar atasını aparan arağa və istiqraza uşaq ikən tövbə dedi. Sonra Qafar özü böyüdü. Ətrafa baxıb Allahdan savayı heç kəsi arxasında görmədi". Ardı...
